Ozan Arif və Azərbaycan




“Madımak toplayıb yesəm o anda,
Yola rəvan olsam eyni zamanda,
Bir gecə müsafir Azərbaycanda
Qalmadan ölürsəm, ona yanarım!”

Tələbəydim... Artvindən Qarsa, Qarsdan da Ərzuruma sürgün olunmuşdum. Dava-dalaşlar, işgəncələr, qorxular, qaçışlar ruhumu darmadağın etmişdi. Bir qohumun dəvətilə Manisanın Turqutlu qəsəbəsinə getdim. Orada da rahatlıq tapa bilmirdim. Çünki Türkiyənin hər yeri kimi, Turqutlu da qan və atəş içində idi. Orada da tez bir zamanda öz həmfikirlərimlə tanış oldum. Bunlardan biri də Yəhya Azəroğlu idi. Azəroğlu digər adıyla “Komando Əli” Turqutluda yaşayırdı. Nədənsə daha ilk gündən bir-birimizə isinmiş, qardaş kimi olmuşduq. Azəroğlu məndən yaşca böyük idi və mənim dəliqanlılığımı, həyəcanımı əngəlləyir, böyük qardaş kimi məni qoruyurdu.

Bir neçə gün sonra Ozan Arifin Kamalpaşaya gələcəyini eşidən kimi Azəroğlu ilə oraya getdik. Kamalpaşa kinoteatrı ağzına qədər dolu idi. Ozan Arif səhnəyə çıxınca hamı həyəcandan coşdu və gənclər hər türküdən sonra milliyyətçi şüarlarla onu salamladılar. Orada Ozan elə bir şeir oxudu ki, o şeir məni alıb Türk dünyasına apardı:

Ayşə Fatma deyil məni ağladan,
Ağladan Turandır, bir başqa Vətən...

Bu uzun şeiri o gecə orada əzbərlədim və nə zaman Ozan yadıma düşsə, həmin an o şeiri içimdən oxumağa başlayardım.

Aradan bir neçə il keçdi, mən Almaniyaya gəldim. Ozanın da 12 sentyabr hadisələrindən sonra Almaniyaya gəldiyini eşitmişdim. Amma hansı şəhərdə olduğunu bilmirdim. Bir neçə tanışdan soruşduqdan sonra Frankfurtda olduğunu öyrənər-öyrənməz oraya getdim. Frankfurt dəmir yolu vağzalına yaxın bir yerdə ofisi vardı. Məni qırx illik dostu kimi qarşıladı. İlk sözü də Aşıq Ələsgər oldu. Onunla maraqlandığını söylədi.

“Məndə iki cildlik kitabı var” - deyincə çox sevindi. “Nə olar bir də gələndə gətir” - dedi. Bir müddət sonra yenidən yanına getdim. Kitablar da əlimdə. Kitablara baxanda keyfi pozuldu. Çünki kitablar kiril əlifbasında yazılmışdı. “Dərd etməyin, Ozanım, mən sizə oxuyaram!” - dedim, sevindi. Şeirləri oxudum, səsimi yazdı. Hətta bir neçə şeirin misralarını o andaca təkrarladı, bir misranı unutmuram:

Qafil könül, bu nə yoldu tutubsan!

Bu misranı bir neçə dəfə təkrar etdi və başını salladı. O gün bir kağıza kiril hərflərini yazıb qoydum ki, kitabın bir cildini oxuya bilsin. Ağ ikicildli kitabın biri onda qaldı, biri məndə.

1990-cı il 20 yanvar tarixində Bakıda rusların törətdiyi qətliamdan sonra yenə Ozanı ən öndə gördük. Brüsseldə dirəyə dırmanaraq, o ünlü şeirini oxuması hamımızı ağlatmışdı. Brüssel mitinqindən sonra dəyərli abim Sabir Rüstəmxanlı ilə onu görməyə getdik. Türk dünyasından, ədəbiyyatdan, şeirdən danışdıq. Sabir bəy də ona bir şeirini oxudu. Siqaretini yandırıb gözlərini uzağa dikdi. Onun könlündəki dünyanın hara olduğunu mən bilirdim. Ozan harada bir türk varsa, orası üçün darıxır, nə zaman türkcə bir söz eşitsə, o sözü çörək kimi öpüb alnına qoyurdu.

Onunla bir dəfə də yenə Frankfurt dəmir yolu vağzalı yaxınlığındakı bir kafedə görüşmüşdük. O kafeyə sıx-sıx gedərdi. Orada yenə Azərbaycanın ozanlarından və şairlərindən danışmışdıq. Azərbaycan insanına və ədəbiyyatına heyran idi. Ölkəni təbliğ edən bir çox insanı təltifləndirən Azərbaycan təəssüf ki, ən gözəl Qarabağ şeirini yazmış bu Ozana biganə qaldı.

Bu sabah Ozan Arifin vəfat xəbərini duyunca evdəki kitabxanama tərəf qaçdım. Aşıq Ələsgərin məndə qalmış kiçik ağ kitabını tapdım və üzünü oxşadım. Sonra bir səhifəsini açdım. Gözümə ilk dəyən şeir “Qaldı ki, qaldı” şeiri idi və sanki Ustad Ələsgər Ozan Arif üçün bir mesaj göndərmişdi:

Ələsgər dönmədi öz ilqarından
Biri xilaf deyil yüz ilqarından
Sazından, sözündən, düz ilqarından
Ellərdə söhbəti qaldı ki, qaldı...

Əlbəttə ki, Ozanımızın sazı, sözü əbədiyyən türk ellərində yaşayacaq inşallah...

Ruhu şad olsun!

Orxan ARAS


Yorumlar